![]() |
1981-ci il. Kiril əlifbası və köhnə kağız qoxusu |
"Məktub" sözünün, kağız qələm götürüb məktub yazmağın aktual olduğu vaxtlar məncə, möhtəşəm vaxtlar olub.. Məncə, saflığın, hislərin ən gözəl çatdırılma vasitəsi məhz məktubla ifadə edilən sözlərdə olub.. Məktubun yazılması, göndərilməsi, cavab gözlənilməsinin verdiyi həyəcan yalnız hisləri gücləndirməyə xidmət edib.. İnsan münasibətlərinə xüsusi gözəllik və incəlik qatıb.. Hələ həmin məktublarda məsafənin, hicranın yaratdığı həqiqi sevgi, dözümsüzlük, qəzəbin yaratdığı hislər dalğalanması əks olunurdusa.. Uzaq məsafələrin ağuşuna aldığı sevgi münasibətlərində məktub hər iki tərəfin əl atdığı ilk şey olub.. Məktub darıxmağın simvolu olub.. Sözlər hisləri ifadə etməkdə acizdir, amma məktuba tökülən hislər bir şəkildə ifadə olunmaq üçün və qarşı tərəfə həqiqi anlamında çatdırılmaq üçün qəribə nizamla düzülürmüş..
Mənim atamla anam da məhz uzaq məsafənin əsir aldığı bir münasibət yaşayıblar.. Ayrı-ayrı şəhərlər, hətta ayrı ölkələrdə darıxdıqları zaman keçirdikləri hisləri məktublara yazıb və artıq 30 ildən çoxdur ki, o məktubları xatirə kimi saxlayıblar.. Nostalji hislərə, keçmişə, xüsusilə 70-80-ci illərə olan marağım həmin məktubları oxumağıma vadar etdi məni və oxuyarkən aldığım zövqü ifadə etmək çətindir.. Xüsusilə, mənim üçün ideal kişi obrazı olan atamın keçirdiyi hisləri bədii ustalıqla məktublarda ifadə etməsi, öz saf hislərini ən gözəl sözlərlə çatdıra bilməyə çalışması mənə, özümü çox sevdiyim retro filmlərimizdə və musiqilərimizdə hiss etməyimə səbəb oldu..Sanki o cümlələr həmin filmlərdən və musiqi sözlərindən qopmuşdu..
Onlarla məktubun bəzilərindən xırda çıxarışları paylaşmaq istədim sadəcə.. Sanki bir romandan parçalardır:
"Təbiətin hər bir adama bəxş etdiyi ikinci ayrılmaz ürək - mənim üçün sənin ürəyindir. O səcdə etdiyim ürək, sənin ürəyindir.."
"Gözlər olan yerdə dodaqlar nəyə lazım.."
"Bilirsən, məndə bir xasiyyət var ki, yazmaq istədiyim şeylər siftə çox qarmaqarışıq şəkildə ifadə olunur. Amma onu bilirəm ki, səni sevirəm, səni sonsuz həddə, sonsuz imkanda, sonsuz istəklə sevirəm.."
"Doğrudan mı məhəbbət dünyada ən tərs, ən qəddar, ən insafsız adamlara insanlıq simasını, humanizmi, bütün fəzilətləri yenidən qaytarır, ən yaxşı insan kimi həyata yenidən atır.."
"Mən öz bədənimdə ikinci bir sima görürəm, sanki bir cisimdə iki şüur hökm sürür və ikincisi heç mənim haqqımda fikirləşmədən səni sevməyi, sənin eşqinə yaşamağı özünə müqəddəs vəzifə kimi sayır (ümumiyyətlə, bütün insanlar ikinciyə tabedir)."
![]() |
12.02.1981 |